fbpx

Blog

İş, Səyahət, üstəlik 10 min dollar da Qazanc – «Work and Travel» Necə İşləyir?

Amerikada is ve seyahet, USE study

İş, Səyahət, üstəlik 10 min dollar da Qazanc – «Work and Travel» Necə İşləyir?

Yay tətillərində tələbələrə müxtəlif ölkələrdə iş və səyahət imkanı yaradan “Work and travel” (İş və səyahət) proqramı bütün dünyada məşhurdur. Azərbaycanlı tələbələr onun vasitəsilə Amerika, İspaniya və Türkiyəyə gedib işləyə, səyahət edə və tətildə pul qazana bilərlər. Proqramın ən məşhur ölkəsinin ABŞ olduğunu demək artıqdır. Bu ölkəyə gedən tələbələr əla səyəhətlə yanaşı, işləyib geriyə yaxşı qazancla da qayıdırlar.

Ancaq proqrama müraciət edənlərin heç də hamısı müsbət cavab almır. «Work and travel» proqramında seçimin necə aparıldığını və tələbələrin ABŞ-da işi və qazanc imkanları ilə bağlı suallara «USE Study Group»un rəhbəri Mehman Bədəlzadə cavab verir.

– «Work and Travel» proqramının adı gələndə, dərhal ağıla gələn  – tələbələrin böyük məbləğdə pul qazanmaq imkanıdır. Ümumiyyətlə bu proqramın mahiyyəti nədən ibarətdir, bu necə işləyir?

Work and Travel proqramı tələbələrə böyük məbləğdə pul qazanmaq imkanı yaratsa da, əsas mahiyyəti maddiyat – yəni pul qazanmaq deyil. Bu proqram 1949-cu ildən tətbiq olunur. Proqramın əsas məqsədi İkinci Dünya Müharibəsindən sonra millətlər arasında yaranmış neqativ münasibəti aradan qaldırmaq idi. Buna görə, Avropa ilə Amerika arasında bir mədəniyyət mübadiləsi başlandı.

Digər tərəfdən, müharibədən sonra daha çox avropalı tələbələrin yay və qış tətillərində Amerikaya gedib işləyib pul qazanmaları və bu vasitə ilə ölkə iqtisadiyyatının gücləndirilməsi məqsədilə bu addım atılmışdı. İlk vaxtlar bu proqram vasitəsilə 3 ölkə – Fransa, Almaniya, İngiltərənin tələbələri Amerikaya işləməyə getdilər. Daha sonra Avstraliya, Yeni Zenlandiya kimi uzaq ölkələr də bu hərəkata qoşuldular, tələbə qəbul etdilər. Proqramın adı isə “Work and Travel” oldu.

– Azərbaycan bu proqrama nə vaxt qoşuldu?

Zamanla tələbələri işçi kimi qəbul etməyə başlayan ölkələrin sayı artdı. Sonra isə “Summer work and travel”, “Work in holiday”, “Winter work and travel” kimi formaları da yarandı. Mahiyyəti isə eynidir – “Summer work and travel” proqramı daha çox Amerikada oldu. Azərbaycan da məhz bu proqram vasitəsilə hazırda Amerika, İspaniya və Türkiyəyə tələbə göndərə bilir.

– 2004-cü ildən Azərbaycan da bu proqram vasitəsilə Amerikaya tələbə göndərilməsinə başladı. Bu proqramdan yararlanan ilk azərbaycanlı tələbə mən oldum.

– Bu proqramla tanışlığınız necə olmuşdu?

– Azərbaycandakı dostlarımın bir qismi ali təhsil üçün Türkiyəyə getmişdilər. Həmin dostlarımdan məlumat almışdım.

– Mədəniyyətlərarası mübadilə olsa da, bu proqramla gedən tələbələrin əsas məqsədlərindən biri də pul qazanmaqdır. İlk dəfə getdiyinizdə nə qədər pulla geri dönmüşdüz?

– Birinci il az idi, çünki nə qədər qazanacağımı hesablaya bilmirdim. Təxminən 5200-5600 dollarla dönmüşdüm. Həmin il həm də təcrübə qazandım. Çünki birinci il təcrübə kimi olur. Növbəti illərdə məbləği artırdım. İkinci dəfə 10 000 dollara yaxınlaşan məbləğlə qayıtdım. 2004-2008-ci illərdə getmişəm. 5 dəfə bu proqramdan yararlanmışam. Tələbəlik müddətim bitəndə, artıq əlimdə özü işimi quracaq qədər pul vəsaitim var idi. Ona görə 2009-cu ildə elə bu sahədə öz işimi qurdum.

– Proqramla gedən hər kəs 5-10 min dollar məbləğində qazancla geri dönə bilirmi?

– Bu, insanın özündən asılıdır. Eləsi var ki, daha çox qazanır, digəri pulsuz qayıdır. Qazananlar çoxdur, çünki bu işin qurulu mexanizmi var və aktiv olub işləmək lazımdır. Amma proqram mədəniyyətlərarası mübadilə məqsədli olduğu üçün fokusu buna vermək lazımdır. 2500-3000 dollar xərcləyib proqramla yayda Amerikaya gedib orda xərclədiyin pulu qazanıb geri qayıtmaq belə böyük qazanc deməkdir. 4 ay gəzirsiz, görürsüz, fərqli təcrübə qazanırsız.

– Müraciət edən bütün tələbələr proqram vasitəsilə gedə bilərmi?

– Xeyr.

– Onda qaydalardan danışaq…

– Birinci şərt tələbənin əyani təhsil almasıdır. Bakalavr, magistr və doktorantura mərhələsinin hər birində əyani təhsil alan tələbələr müraciət edə bilərlər.

İkinci şərt ingilis dili biliyinin olmasıdır. Dil səviyyəsi B1-B2-dən yuxarı olmalıdır. Dil biliyi tələbənin kommunikasiya problemi yaşamaması üçündür. Kommunikasiya qura bilməyəndə, sabah başqa problemlər də yarana bilər.

Üçüncü şərt isə tələbənin dünyagörüşünün, həyat immunitetinin olmasıdır. Bacarıqlı olmalı, tez təslim olmamalıdır.

– Bu şərtlərə cavab verib «yox» alanlar nə qədər olur?

– Müraciət edənlərin 90 faizi “yox” cavabı alırlar. Çünki bu şərtlər kifayət etmir. Sənədləri yoxlayırıq, qaydasında deyilsə, heç bir halda qəbul etmirik. Sənədlər qaydasındadırsa, tələbə ödəniş edir və biz onunla bağlı işlərə başlayırıq. Müqavilə və ödəniş olmadan bu prosesləri icra etmirik. İlk proses ingilis dili imtahanı olur. İmtahanı uğurla verirsə, proqramın digər mərhələlərinə keçid edirik. Bu mərhələdə isə onu Amerikada işə yerləşdirən şirkət nümayəndələri müsahibə edirlər. Bəzən işəgötürən özü birbaşa müsahibə edir. Əgər müsahibədə onu bəyənsələr, iş təklifi gəlir. Sonrakı mərhələdə isə ABŞ-ın Azərbaycandakı Səfirliyində görüş olur. Səfirlik onu yoxlayır. Əgər müsahibədən də uğurla keçsə, viza verilir və o proqrama qatıla bilər.

– İşəgötürən müsahibədə tələbəni bəyənməsə, tələbə proqramdan kəsilmiş sayılır?

– Bəzən hansısa şirkət müsahibə edir, tələbəni qəbul etmir. Bu, çox nadir hallarda olur. Çünki bizim test edib müsahibəyə keçirdiyimiz tələbələr Amerikadakı həmin işlərə qəbulla bağlı problem yaşamırlar. 99 faiz halda ilk dəfədən artıq işlərə qəbul alırlar. Əgər birinci dəfə işə qəbul olmazlarsa, biz növbəti şirkətlərə yönəldirik, işlə təmin olunmasına şərait yaradırıq.

– Səfirlik burda digər vizalardan fərqli olaraq daha hansı amillərə fikir verir?

– Bəzən valideyn kredit götürüb tələbəni bu proqramla Amerikaya göndərir. Düşünür ki, tələbə işləyib qazanacaq, qayıdanda krediti ödəyəcək. Bu, yanlış addımdır. Valideyn uşağına yaxşılıq etmək istəyirsə, onu kreditə salmamalıdır. Onu hansısa bir işə yönəltsin, tələbə müəyyən bir maliyyə toplasın, üstünü də valideyn düzəldib elə göndərsin. Bu proqrama kreditlə getmək tələbə üçün stress gətirir, proqramın ləzzətini ala, gəzə, istirahət edə bilmir. Krediti düşünür. Bunu biz tam müəyyənləşdirə bilmirik. Amma konsulluq onların maddi vəziyyətini danışığından, stressindən və s. görür. Əgər belə hal müşahidə edirsə, viza vermir.

– Bu zaman ödəniş tələbəyə qaytarılır?

– Konsulluq viza vermirsə, proqram üçün edilən ödənişdən müəyyən bir hissə çıxılır. Ona görə biz tələbələrə öncədən deyirik ki, borc, sələm, kredit götürüb getmək istəyirsinizsə, biz bunu edə bilmərik. Tələbə müəyyən işlərdə çalışıb o pulu qazana bilər. Növbəti illərdə artıq problem yaşamır. Məsələn, mən birinci il gedəndə, pulu valideynlərimdən almışdım. Növbəti illərdə artıq buna ehtiyacım olmadı.

– Müraciət üçün yaş fərqi varmı?

– Xeyr, tələbəsənsə, müraciət edə bilərsən.

– Tələbənin universitet göstəriciləri bu proqrama qəbulda hansısa rola malikdir?

– Proqrama qəbulda yox, amma vizada sual yaradır.

– Proqrama qoşulmaq üçün ödəniş məbləği nə qədərdir?

– Proqramın builki qiyməti 2499 dollardır. Amma proqrama müraciət açıq elan ediləndə, ilk müraciət edənlər daha ucuz qiymətə yararlana bilirlər. Hazırda qiymət 700 dollar aşağı – 1799 dollardır. Gələn yay getmək istəyənlər, bu il iyul-avqust aylarında müraciət edirlərsə, bu endirimdən yararlana bilirlər. Amma avqust ayının sonunda ödəniş proqramın stabil qiymətinə çatır. Bizdə hazırda artıq yerlər dolacaq səviyyədə müraciətlər çoxdur. Bu il pandemiyaya görə sonradan bizə əlavə yerlər verdilər deyə, apreldə müraciət edib gedənlər də oldu. Amma müraciətlər ən geci oktyabrda bitir.

– Tələbə getmək qərarı verirsə, onu göndərirsiz. Yoxsa valideynləri də təsdiqləməlidir?

– Yaş 18-dir, müqavilə imzalamaq iqtidarındadır. 3-cü şəxsə bununla bağlı məlumat verməməyə çalışırıq. Çünki ailədaxili şəraiti, münasibətləri bilmirik. Gənc işləməyə gedir, müstəqildir. Valideynlər bəzən gəlib bizə çox suallar verirlər, uşaqları ilə bağlı məlumat və s. istəyirlər. Övladları ilə danışmağı məsləhət görürük, proqramla bağlı isə internetdə açıb oxumağa yönləndirməyə çalışırıq. Həm bizim saytda, həm də başqa saytlarda məlumat var.

– Proqramın bir tərəfi işdir, bir tərəfi səyahət. İşləyən tələbələrin səyahətə nə dərəcədə imkanları olur?

– Bu da hər kəsin özündən asılıdır. Amerikada həftəlik standart iş saatı 40-dır. Bundan çox işləyirsənsə, əlavə iş saatı sayılır, buna “Overtime” deyilir. Hər əlavə saatın da ödənişi olur. Əgər tələbə “overtime” da istəyirsə, 50-60 saat işləyirsə, bu onun həftə sonu işləməsinə gətirib çıxarır. Elə tələbələr var ki, gün ərzində 10 saat işləyirlər. Həftə sonu da bir gün işləyirlər, bir gününü gəzməyə sərf edirlər. Ola bilər ki, həftənin 5 günü gündə 12 saat işləyəsən, bu 60 saat edir və həftə sonu gəzirsən. Gəzmək üçün imkanlar da var. İcarəyə maşın götürüb gəzə də bilərlər. Günə 50 dollara bir maşın götürsə, 3-4 nəfər bu pulu bölsə, elə böyük məbləğ etməz. Başqa şəhərə gedə, gəzə bilərlər.

– İşəgötürənlərlə öncədən müsahibə olduğunu dediniz. Tələbə Amerikaya getməmiş artıq nə iş görəcəyi, harda işləyəcəyi məlum olur?

– Bəli, qeyd etdiyim kimi müsahibə prosesi olur və bu öncədən müəyyənləşdirilir. Bir sponsor olur, işlə təminat məsələsini o üzərinə götürür. Tələbəni onlayn müsahibə edir. Müsahibədə bəyənsə, ona öz bazasında olan işlərdən hansını təklif edəcəyini sonradan bildirir. Bəzən tələbələr düşünürlər ki, 5-6 fərqli iş təklifi gələcək, onlar hansını istəsələr, seçəcəklər. Belə qayda yoxdur. Test edir, sizə bir iş təklif edir. Tutaq ki, oteldə təmizlikçi işi təklif edir. Bunu bəyənmirsinizsə, ikinci iş təklif edirlər. Tutaq ki bu da ofisiant olur. Onu da istəməsəniz, 3-cü işi təklif edirlər. Bunu artıq bəyənməlisiniz. Bu da limitsiz deyil. Tələbələr deyə bilməzlər ki, üçüncünü heç istəmirəm, birinci və yaxud ikincini seçirəm. Belə də olmur. İlk iki variantı bəyənmədinizsə, üçüncüdə nə təklif etsələr, o da qalır.

– Tələbə hansı ştatda işləyəcəyini özü seçə bilirmi?

– İstəklərini bildirə bilir, amma sonda hara gedəcəyinə işəgötürən qərar verir. Çünki işəgötürənlər tələbəni analiz edirlər, onun əvvəlki təcrübəsi, iş, dil bacarığına uyğun gördükləri işə yönəldirlər.

– Bu proqramla gedən tələbələrə əsasən hansı işlər təklif edilir?

– Xidmət sahəsində olan işlərdir. Bizim ölkədə olan və olmayan xidmət sahələri. Məsələn, bizdə əyləncə parkları o qədər də geniş deyil. Hektarlarla sahəsi olan böyük parklar var, əsasən orda işlər təklif olunur. “Mcdonalds”, “Burger King”, “KFC”də iş təklifləri olur. Qlobala çıxmayan, amma Amerika daxilində kifayət qədər böyük olan şirkətlərdə də iş imkanı yaradılır. Beşulduzlu otellərdə də işlər olur, kiçik otellərdə də. Bu proqramda təklif edilən işlər professional ixtisaslaşma tələb etmir. Xidmət sahəsidir. Bu proqramda ixtisasla bağlı işlər olmur.

“Burger King”, “McDonalds”, “KFC” kimi şirkətlərdə menecer olmayan bütün pozisiyalar tələbələrə təklif olunur. Bu işlərdə standart amerikalının maaşı ilə eyni maaş təklif edilir.

– Dediniz ki, 3 iş təklif edilir və ilk ikisindən imtina etmək imkanın var. Tələbələrimiz daha çox hansı işlərdən imtina edirlər?

– Bu, hər kəsə görə dəyişir. Eləsi var ki, əyləncə mərkəzində bilet satışı işini istəmir, deyir təmizlik işi olsun, başımı aşağı salım işləyim. Eləsi var, təmizlik işi istəmir. Amma işlə bağlı kapriz nümayiş etdirənlər də ora gedəndən sonra deyirlər ki, əslində bu iş də yaxşıdır, iş məsələsi problem deyil. Getdikdən sonra ikinci iş də tapa bilərlər, yaxud yeni bir iş yeri tapıb sponsorla danışıb iş yerini ümumiyyətlə, dəyişdiyini də bildirə bilər. Biz öncədən burda iş təklif edirik ki, getdiyində iş problemi yaşamır. Sonra artıq seçimləri də dəyərləndirə bilərlər. Tələblərin çoxu 2-3 işdə işləyirlər.

– Tələbələrə təklif edilən işlər hansı maaş aralığında olur?

– Son 5 ilin təcrübəsinə əsasən deyim ki, maaş aralığı saatı 8 dollar 25 sentdən başlayıb 17-20 dollara qədər çıxa bilir. Bu, işin məsuliyyətindən asılıdır. Hansı işin məsuliyyəti çoxdursa, onlarda maaş rəqəmləri yüksək olur. Hansında azdırsa, maaş da az olur. Daha yüksək maaşlar birbaşa müştərilərlə işləyən sahələrdə olur. Barmen, ofisiant, müştəri xidmətləri və s. kimi işlərdə maaş yüksək olur.

– Siz özünüz proqramla getdiyinizdə hansı işlərdə çalışmışdız?

– Düşərgə məsləhətçisi, mətbəx işçisi, barmen kimi işlərdə çalışmışam.

– İşlərin ağırlıq səviyyəsi necə olur?

– Əmək qanunvericiliyi Amerikada öz vətəndaşları üçün necə tənzimlənirsə, bu proqram vasitəsilə gedənlər üçün də eyni formadadır. İl ərzində Amerikaya 500-600 min tələbə bu proqramla gedir. Əgər işlər çox ağır olsaydı, tələbələr istismar edilsəydi, proqram bu qədər geniş vüsət almazdı.

– 500-600 min tələbə böyük rəqəmdir. Maraqlıdır, bunun neçə faizini xanımlar təşkil edir?

– Hardasa 50 faizini xanımlar təşkil edirlər. Bizim ölkədə isə 95 faizi bəylərdir. Xanımlar az gedirlər. Avropa ölkələrindən, Latın Amerikasından xanımlar çox gəlirlər.

– 5 faizə daxil olan xanımlardan danışaq. Hansı xanım tələbələr gedirlər?

– İqtisadi azadlığı sevən qadınlar gedirlər.

– Bizdə belədir ki, iş bölgüsü zamanı oğlandırsa, mühafizəyə, xanımdırsa, təmizlik işinə yönəldilir. Bəs bu proqramda işlərin xanım-bəy deyə bölgüsü varmı?

– İşlər ağır deyil və ona görə burda hər hansı bölgüyə ehtiyac da yoxdur. Oğlanı otelə təmizlikçi də götürə bilərlər, qadını mühafizəçi də. Bizə bir idmançı xanım müraciət etmişdi, onu əyləncə parkında mühafizəçi götürdülər.

– Bu proqram sonra Amerikaya miqrasiya etmək istəyənlər üçün üstünlük sayılırmı?

– Müsbət təsir edir ki, mənfi tərəfi yoxdur. Mən getdim, qoyduğunuz qaydalar çərçivəsində proqramdan yaralandım, qayıtdım. Miqrasiya zamanı baxırlar ki, proqramda iştirak edib, qaydalara riayət edib. Onlara da qayda qanunlara riayət edən vətəndaş lazımdır. Proqramla getmiş bir tələbə 3 il sonra Amerikaya magistr oxumağa getdi. Təhsil aldığı müddətdə Amerikada özünə şirkət də açdı.

– Qayıtma mövzusuna toxundunuz. Proqramla gedib qayıtmayanlar da olur. Qayıtmayan çoxdurmu?

– Burda romantik və realistik düşüncə var. Realistik düşünənlərdə qalma ehtimalı bir-iki faizdir. Romantik düşüncədə isə əlli-əlliyədir. Real düşünənlər deyir ki, pulumu qazandım, qayıdım. Romantik düşünənlər proqramda yaradılan şəraiti görürlər, düşünürlər ki, proqramdan kənar da qalanda, hər şey o qədər rahat olacaq. Amma proqramdan sonra qalanda, qanuni iş icazəsi olmur, qeyri-leqal işlərdə çalışır.

Gedənlərin qalması biz tərəfdən dəstəklənmir. Çünki özündən sonrakı tələbələrin getmə məsələlərinə risklər yaradırlar. Səfirliyin baxış acısı odur ki, hər il nə qədər çox tələbə qalırsa, növbəti il bir o qədər çox tələbəyə viza verilməsin. Eqoist davranmasalar, özlərindən sonrakıları düşünsələr, təbii ki vaxtında qayıtmalıdırlar. Digər tərəfdən, proqram müddəti bitəndən sonra qanunsuz rejimə keçdikləri üçün onların həyat sığortaları olmur, həyat riskləri artır. Onu maşın vursa, heç bir xəstəxana üzərinə götürməyəcək. Ümumi olaraq bizdə gedib qalanlar 5-6 faiz təşkil edir.

– Qalıb problemlə üzləşənlər olur?

– Çox olub. Bir tələbə var idi, iki il qanunsuz qalıb, qeyri-leqal işləyib pul toplayıb. Bir dəfə “McDonalds”da kassaya yaxınlaşanda, polis onun həyəcanlı olduğunu hiss edir, sənədini istəyir, qanunsuz qaldığını görür və deportasiya edirlər. 2 ili boşuna gedir. Qazandığını düz yolla gətirə bilmir. Hökumət orada qazanılan məbləğin hesabatını istəyir. Amerikada qeyri-qanuni qazandığı maliyyə müsadirə edilir.

– Bitdiyi gün qayıtmayanda, artıq qanunsuz sayılır?

– Proqramın şərtində belədir ki, vizandan 30 gün əvvəldən gedə, 30 gün artıq qala bilərsən. Ancaq əvvəl və sonra üçün olan müddət sadəcə səyahət üçündür, o müddətdə işləyə bilməzsən. Qaydaları pozub işləyənlər də olur.

– Proqramın riskli tərəfləri varmı?

– Risklər də insandan asılıdır. Ən böyük risk Amerikada qayda-qanunlara əməl etməməkdir. Bu, ölkədən xaric olunmaya gətirib çıxara bilər. Buna görə, biz proqramla göndərdiyimiz tələbələrə Amerikaya gedəndə, məlumatlı olmaları üçün ilkin qaydalar toplusunu veririk. Başa düşməlidirlər ki, çoxmillətli ölkəyə gedirlər. Ordakı insanlarla davranış qaydaları etik, tolerant olmalıdır. Yaxud bəzən tələbə işlədiyi marketdən nəyisə götürüb yeyir, deyir ki kassada ödənişini verərəm. Müdir də bunu kamerada görür, çağırır işdən xaric edir. Belə hallar ola bilir. Başını aşağı salıb işini görsən, qaydalara riayət etsən, hər hansı riski yoxdur, problem olmur.

– Proqramla gedib həyatını itirənlər, iş prosesində xəsarət alanlar olurmu?

– Avtoqəzaya düşən, velosipedlə yolu keçəndə yıxılıb qolu-ayağı sınanlar olub. 350 min dollar dəyərində tibbi sığortaları var. Bu çox vaxt hər şeyə bəs edir. Bəzən 350 min dollardan çox xərc lazım olur, bu zaman ordakı sponsor şirkət üzərinə götürür, tələbə pul ödəmir. Çox nadir hallarda problem yaşanır.

– Bu il sizin şirkət vasitəsilə nə qədər tələbə bu proqramdan yararlanmaq üçün Amerikaya getdi?

– 150 tələbə.

– Əvvəlki illərdə nə qədər gedirdi?

– Son illər bizim şirkət vasitəsilə gedənlər 200 nəfərə qədər çatırdı. Hazırda ölkə üzrə il ərzində 200-250 tələbə gedir. 2012-ci ilə qədər isə ildə bizim şirkət 400-500 tələbə göndərə bilirdi. Çünki 2011-ci ildə ölkə üzrə 1400-1500 tələbə göndərmək imkanımız var idi. Əvvəllər bazarda şirkət çox idi, 35 şirkət var idi. Onların düzgün olmayan şəkildə apardıqları rəqabət də problemlərə yol açdı. Sonrakı illərdə həmin şirkətlər bazarda uğurlu fəaliyyət göstərə bilmədilər. Yerlər də avtomatik olaraq azaldı.

– Bəs İspaniya, Türkiyəyə necə, gedənlər olur?

– Türkiyəyə bu il 13-14, İspaniyaya isə 1 nəfər getdi. Pandemiyaya görə belə oldu. Normalda hər il bu ölkələrə 100-150 nəfər tələbə göndəririk.

– Bu ölkələrdə tələbələrin əldə etdikləri gəlir Amerika ilə eyni səviyyədə olurmu?

– Təbii ki bu ölkələrlə Amerikanı müqayisə etmək olmaz. Çünki bu ölkələr üçün proqramın qiyməti də Amerika qədər deyil. İspaniyaya getmək üçün Amerika üçün olan ödənişin 60 faizi, Türkiyə üçün isə 30 faizi miqdarında ödəniş edilir. Bu ölkələrdə gəlir də nisbətən daha az olur.

– Bazarda uğurlu fəaliyyət göstərə bilməyən şirkətlərdən bəhs etdiniz. Bu sahədə hazırda müştəriləri aldadan şirkətlər varmı?

– Əgər tələbəyə bu proqram təklif edilirsə, tələbə o şirkətin qanuni fəaliyyət göstərdiyini öyrənmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinə zəng vura, e-mail yazıb ölkədə qanuni təmsilçilik edən şirkətlərin siyahısınını istəyə bilərlər. O siyahıda adı olmayan şirkətlər bu proqramla tələbə göndərə bilməzlər.

– Burda aldadılma necə ola bilir?

– Məsələn, tələbəyə deyirlər ki, sizi “Work and travel” proqramı ilə Amerikaya göndərəcəm. Özləri də daha ucuz qiymət təklif edirlər. Təbii ki qiymət də çəkici gəlir, gedir pulunu ödəyir, Amerikada olanda, aldadıldığını anlayır. Bu proqramla getmək üçün mübadilə proqramı vizası olan “J1” vizası olmalıdır. Əgər ABŞ dövlət departamenti sizin şirkəti “Work and travel” proqramında akkreditə etməyibsə, “J1” vizası vermək statusunuz yoxdur. Bizim şirkət bu vizanı almaq üçün sənədləri tələbəyə verə bilir. Fırıldaqçı şirkətin “J1” vizasını almaq üçün lazım olan sənədləri ABŞ-dan istəmək üçün ixtiyarı yoxdur. Ona görə, pulu tələbədən alır, onu turistik vizaya salır. Turistik viza ilə tələbə gedib Amerikaya çatır. Orda anlayır ki, onun işləmək icazəsi yoxdur, qeyri-leqal işdə çalışır. Ona görə, yalnız akkreditə edilmiş şirkətlərə müraciət etsinlər.

Istinad: https://fed.az/az/turizm/is-seyahet-ustelik-10-min-dollar-da-qazanc-work-and-travel-nece-isleyir-musahibe-111577

Paylaş: